Uca Allah buyurur: {Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq} [“ən-Nəhl” surəsi, 97].
Müsəlmanın qəlbinə sevinc, xoşbəxtlik və səadət gətirən ən böyük əməl, onun istər diriləri, istər ölüləri, istərsə də bütləri arada vasitəçi tutmadan birbaşa Rəbbi ilə əlaqə qurmasıdır. Uca Allah Qurani-Kərimdə, hər zaman qullarına yaxın olduğunu, onları eşitdiyini və onların dualarını qəbul etdiyini bildirir. Bu xüsusda, uca Allah belə buyurur Allah Almighty says: {Qullarım səndən Mənim barəmdə soruşsalar, sözsüz ki, Mən onlara yaxınam, Mənə dua edənin duasını dua etdiyi vaxt qəbul edərəm. Gərək onlar da, Mənim çağırışımı qəbul etsinlər və Mənə iman gətirsinlər ki, doğru yola yönəlsinlər} [“əl-Bəqərə” surəsi, 186].
Həmçinin, pak və müqəddəs Allah bizə Ona dua etməyi əmr etmiş və bunu müsəlmanı öz Rəbbinə yaxınlaşdıran ən əzəmətli ibadətlərdən etmişdir. Bu xüsusda, Allah azzə və cəllə belə buyurur: {Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizə cavab verim} [“Ğafir” surəsi, 60] .
Əməlisaleh müsəlman daim Rəbbinə möhtacdır, daim Onun hüzurunda durub, Ona dua edir və saleh ibadətlərlə Ona yaxınlaşır.
Uca Allah bu kainatda bizi əbəs yerə yaratmayıb, böyük bir hikmət üçün yaradıb. Bu hikmət: yalnız Ona ibadət etmək və heç nəyi Ona şərik qoşmamaqdır. Allah bizə həyatımızdakı xüsusi və ümumi işlərimizin hamısını əhatə edən və onları nizamlayan rəbbani bir din göndərmişdir. Allah bu ədalətli şəriət sayəsində həyatda lazım olanları – dinimizi, canımızı, namusumuzu, ağlımızı və mal-dövlətimizi qoruyur. Kim bu şəriətdəki əmrləri yerinə yetirib, haramlardan çəkinərsə, həyatda özünə lazım olanları qoruyar və heç şübhəsiz, həyatı boyu rahat və xoşbəxt olar.
Müsəlmanın öz Rəbbi ilə qurduğu əlaqə olduqca dərindir. Bu əlaqə onun qəlbinə arxayınlıq, rahatlıq, sükunət, əminlik və sevinc bəxş edir, habelə Rəbbinin mömin quluna yaxın olduğunu, köməyində durduğunu və dost olduğunu ona hiss etdirir: {Allah iman gətirənlərin dostudur, onları zülmətlərdən nura çıxardır} [“əl-Bəqərə” surəsi, 257].
Bu əzəmətli əlaqə vicdanla bağlı elə bir haldır ki, insana Mərhəmətli Allaha ibadət etməkdə zövq verir, onu Rəbbi ilə görüşməyə təşviq edir və ona imanın şirinliyi daddıraraq qəlbinə xoşbəxtlik bəxş edir.
Bu, elə bir şirinlikdir ki, onun ləzzətini vəsf etmək mümkün deyil. Onu yalnız şəriətin buyuruqlarını yerinə yetirən və qadağalarından çəkinən kimsə dada bilər. Odur ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – demişdir: “Allahın Rəbb, İslamın din və Muhəmmədin peyğəmbər olduğundan razı qalan kimsə imanın tamını dadmış olar!” (“Səhih Muslim”, 34).
Bəli, əgər insan daim öz Xaliqinin hüzurunda olduğunu hiss etsə, Onu gözəl adları və sifətləri ilə tanısa, sanki Onu görürmüş kimi Ona ibadət etsə, ibadətini ixlasla yalnız Allaha yönəltsə və Allahdan başqasını Ona şərik qoşmasa, bu dünyada xoşbəxt və gözəl həyat yaşayar, axirətdə isə gözəl sonluğa qovuşar.
Hətta, möminin bu dünyada məruz qaldığı müsibətlərin hərarəti iman yəqinliyi ilə, Allahın yazdığı qədərə razı qalmaqla, Onun yazdığı qədərin xeyrinə və şərinə həmd etməklə, tam şəkildə qədərə razı qalmaqla soyuyur.
Mömin insanın öz səadətini və rahatlığını artırmaq üçün Allahı çox zikr etməli və Qurani-Kərimi çox oxumalıdır. Bu xüsusda, uca Allah belə buyurur: {Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapar} [“ər-Rəd” surəsi, 28]. Müsəlman olan şəxs Allahı zikr etməyini və Quran oxumağını nə qədər artırarsa, bir o qədər də Allahla olan əlaqəsi artar, nəfsi təmizlənər və imanı güclənər.
Həmçinin, hər bir müsəlmana vacibdir ki, dininə aid olan məsələləri səhih mənbələrdən öyrənsin. Belə etməlidir ki, Allaha mötəbər dəlillərə əsasən ibadət etsin. Bu xüsusda, Peyğəmbər – səllallahu aleyhi və səlləm – belə buyurmuşdur: {Elm öyrənmək hər bir müsəlmana vacibdir} (“Sunən İbn Macə”, 224).
Həmçinin, ona vacibdir ki, onu yaradan Allahın əmrlərinə, – onların hikmətini anlasa da, anlamasa da, tam təslim olsun. Uca Allah Qurani-Kərimdə belə buyurur: {Allah və Onun Rəsulu bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Rəsuluna asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür} [“əl-Əhzab” surəsi, 36].
Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və bütün səhabələrinə Allahın salavatı və salami olsun!